Sivilizasiya fəlakəti yaxınlaşır?| Britaniya Trampın inauqurasiyası ərəfəsində Ukraynanı “sığortalayır”

2025/01/1737186804.jpg
Oxunub: 1265     13:21     18 Yanvar 2025    
Kir Starmer Böyük Britaniyanın Baş naziri vəzifəsinə gəldikdən sonra ilk dəfə Kiyevə səfər edib. BBC-nin rus xidmətinin məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqların sonunda tərəflər “gələcək nəsillər üçün təhlükəsizlik əlaqələrini dərinləşdirmək məqsədilə 100 illik əməkdaşlıq sazişi” imzalayıblar.

Hüquqi sənədin təfərrüatları, təbii ki, ictimaiyyətə açıqlanmır. Britaniyanın nüfuzlu KİV-inə məlum olub ki, müqavilə Rusiyanın davam edən hücumunun qarşısını almaq üçün yeni struktur vasitəsilə Baltik, Qara və Azov dənizlərində təhlükəsizliyi təmin etmək məqsədilə iki ölkə arasında əməkdaşlığı təşviq etməlidir. Eyni mənbəyə görə, sənəd tərəflər arasında elm və texnologiya, səhiyyə, kənd təsərrüfatı mühəndisliyi, kosmik silahların tədqiqi, pilotsuz uçuş aparatı istehsalı sahələrində əməkdaşlığı da nəzərdə tutur.

Britaniyanın Baş naziri Kiyevə ABŞ-nin yeni seçilmiş prezidentinin andiçmə mərasiminə cəmi 5 gün qalmış və beynəlxalq mətbuatın Tramp-Putin görüşünün mümkünlüyünü müzakirə etdiyi bir vaxtda səfər edib. Əsas fikir ondan ibarətdir ki, ABŞ və Rusiya prezidentləri “təsir dairələrinin yenidən bölüşdürülməsi ilə bağlı razılığa gələ bilərlər”. Vaşinqtondan gələn məlumatlar, əlbəttə ki, bu təəssüratı əsaslandıran çox az siqnal verir.

Amma Britaniyanın Baş naziri ilə Ukrayna prezidenti arasında imzalanmış sazişin geosiyasi konteksti açıq şəkildə onu deməyə əsas verir ki, ABŞ-nin Ukraynanı Rusiyaya “təhvil verməsi” ilə bağlı şayiələr ya çox şişirdilib, ya da London bu addımı ilə Vaşinqtona Rusiya ilə ayrıca razılığa gələ bilməyəcəyinə eyham vurur. Maraqlıdır ki, Britaniyanın Baş nazirinin Kiyevə səfərinə paralel olaraq Yelisey sarayı açıq şəkildə bildirib ki, Fransa Ukraynanın nizamlanması üzrə danışıqlarda iştirak etməlidir.

Bəzi Avropa mənbələri qeyd edirlər ki, Fransa və Almaniya “Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi ilə bağlı gizli danışıqlar aparır”. Rusiya Ukrayna nizamlanmasının “alman variantı”nın qəbuledilməz olduğunu bəyan edib. ABŞ Senatının profil komitəsində öz namizədliyi ilə bağlı müzakirələrdə ABŞ-nin gələcək dövlət katibi Rubio bildirib ki, Ukrayna böhranında təcavüzkar məlumdur, lakin Kiyev də güzəştə getməyə hazır olmalıdır.

Britaniyanın Baş naziri, görünür, Kiyevə Ukraynanın özünü “inamlı hiss etməsi” üçün səfər edib. Britaniya-Ukrayna təhlükəsizlik əməkdaşlığının coğrafi parametrləri onu deməyə əsas verir ki, London Qara və Azov dənizlərində Kiyevin suverenliyinə “zəmanət verir”. Bura Moskvanın “Novorossiya” adlandırdığı və Rusiyanın ayrılmaz hissəsi hesab etdiyi ərazidir.

Britaniya-Ukrayna razılaşmasında təbii ki, bu baxımdan “macəraçılıq” elementləri var. Amma, görünür, bu, ABŞ-nin seçilmiş prezidentinə ünvanlanıb. Ehtimal etmək lazımdır ki, “gözlənilməzliyə” baxmayaraq, ABŞ-nin 47-ci prezidenti Britaniya-ABŞ tandeminin dağılması xəttini keçməyəcək.

Qərb dünyası, Avro-Atlantik sivilizasiya üçün bu, “qırmızı xətti” keçmək demək olacaq. Bu isə artıq sivilizasiya fəlakəti olacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Tramp  


Bizi "telegram"da izləyin